Vahid Məmmədli
Vahid Məmmədli (6 yanvar 1965, Qazax) — azərbaycanlı yazıçı, şair, abstraksionist rəssam, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007), Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü (2009), hüquq elmləri üzrə fəlsəfə doktoru (2003), baş ədliyyə müşaviri, Prezident təqaüdçüsü (2021). Azərbaycan ədəbiyyatında ilk fentezi romanın (Atropatena dastanı), dünya ədəbiyyatında ilk qansız döyüş romanının (Tunc Allahın yükü) müəllifi.
2007-ci ildən bədii yaradıcılıqla məşğul olur. Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla, bestsellerlər müəllifi kimi tanınır. Rusiyanın ilk qansız döyüş romanının (Tunc Allahın yükü), Azərbaycan ədəbiyyatında isə ilk fentezinin ("Atropatena dastanı" trilogiyası) müəllifidir. Hekayə və povestləri Rusiya, Türkiyə, İngiltərə, Fransa, Avstriya, Almaniya, Yunanıstan, Çexiya, Hindistan, Misir, İran və digər ölkələrin dövri mətbuatında mütəmadi çap olunur.
Azərbaycanda böyuk əks-səda doğurmuş çoxepizodlu və ağır cinayət işlərinin istintaqını uğurla başa çatdırmış peşəkar prokuror, ölkədə cinayət əməllərinin tövsifini və istintaq taktikasını mükəmməl bilən mütəxəssislərdən biri, Azərbaycanda cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair müqavilələr praktikasına həsr olunmuş ilk elmi monoqrafiyanın və beynəlxalq cinayət hüququna dair bir çox məqalələrin müəllifidir.
Azərbaycan mətbuatında və mediasında, məsələn "Kaspi" qəzetində, "Kult.az" mədəniyyət saytında, "Azadlıq radiosu"nda və "Ulduz" jurnalında müxtəlif yazıları yayımlanıb.
20 kitabın müəllifi V. Məmmədlinin əsərləri Rusiyada, Türkiyədə, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Yunanıstanda, Çexiyada, Hindistanda, Misirdə və digər ölkələrdə çap olunub. Londonda Qafqazla bağlı nəşr olunan "Cənubi Qafqaz" jurnalında "Azərbaycanın pərəstiş olunan yazıçısı" kimi təqdim olunub.